Tennis.az

Reqlament

1. Liqanın məqsəd və vəzifələri

  • Tennisin Azərbaycanda inkişaf etdirilməsi və populyarlaşdırılması
  • Tennis həvəskarlarının gücünə görə qruplara bölünməsi, rəqib tapmaq probleminin aradan qaldırılması (cari ayda 4-6 matçla təmin etməklə)
  • Həvəskar tennisçilərin ustalıq səviyyəsinin artırılması
  • İdmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi

2. Liqanın keçirilmə şərtləri

Liqa həvəskar tennisçilərdən təşkil olunub, 5 pilləli qruplardan ibarətdir: 1-ci liqa, 2A, 2B, 3A, 3B, 3C, 3D, 4A, 4B, 4C, 4D, 5A, 5B, 5C, 5D. İştirakçılar hər ay qrupdakı rəqiblərinə qarşı bütün oyunlarını keçirməlidir. Ayın sonunda nəticələrə görə müvafiq olaraq qrup qalibləri yuxarı, qrup sonuncuları isə aşağı qruplara keçirlər.

Yeni cəlb olunan iştirakçılar bir qayda olaraq aşağı liqalardan başlayırlar.

İştirakçılar qrup üzvlərinin telefon nömrələrini, matçların nəticələrini, turnir cədvəli və liqa haqqında bütün məlumatları  liga.tennis.az saytı və WhatsApp qrupu vasitəsilə əldə edə bilər. Hər ayın əvvəli iştirakçıların sıralaması saytda, günlük oyunların qrafiki isə WhatsApp qrupunda yerləşdirilir. Qrup üzvləri bir-birilərinin əlaqə nömrələrini sayt vasitəsilə əldə edir, şəxsi yazışmada əlaqə saxlayıb oyunların keçirilmə vaxtını və yerini müəyyənləşdirirlər. Oyunlar tərəflərin razılığı əsasında istənilən kortlarda keçirilə bilər. Oyunçulardan biri kortu rezerv etdikdən sonra matçın vaxtı və keçiriləcəyi yer barədə liqanın təşkilatçısına xəbər verməli, oyundan sonra isə qalib tərəf matçın hesabını şəxsi mesajla təşkilatçıya göndərməlidir. Oyuna üzrlü səbəblərdən gəlməyən tərəf həmin oyunda texniki məğlubiyyət alır və kortun tam ödənişini etməlidir.

3. Liqadakı xalların və sıralanmanın hesablanması

3 setdən 2-sini qazanan tərəf (2:0; 2:1) matçın qalibi olur. Setlərdə hesab 1:1 olarsa, qarşılıqlı razılaşma ilə 3-cü setin əvəzinə tay-breyk oynanıla bilər.

Matçın qalibi “1” xal, məğlub olan tərəf isə “0” xal qazanır. Əgər iştirakçılardan biri oyuna gəlməkdən imtina edərsə, qələbə qarşı tərəfə verilir. İştirakçılar öz aralarında razılığa gələ bilmədiyi halda, hər iki tərəf  “0” xal qazanır.

Ən çox xal toplamış oyunçu qrupun qalibi olur. 2 və ya daha çox iştirakçının xalları bərabər olarsa, qrupun sıralaması aşağıdakı qaydada hesablanır:

  1. Öz aralarındakı matçlar
  2. Öz aralarındakı Set fərqi
  3. Öz aralarındakı Geym fərqi
  4. Qrupun digər üzvləri ilə olan nəticələr (matç, set, daha sonra isə geym fərqi)

4. Liqada iştirak haqqı və qaliblərin mükafatlandırılması

Liqada aylıq iştirak haqqı 20 AZN, ümumi mükafat fondu isə 1200 AZN-dir.
Hər ay 1-ci liqanın qalibi 300, 2-ci yer – 200, 3-cü yer 100 AZN qazanır.

2-ci liqanın qrup qalibləri (2 qalib) – 100 AZN,

3-cü liqanın qrup qalibləri (4 qalib) – 50 AZN,

4-cü liqanın qrup qalibləri (4 qalib) – 50 AZN.